Scopus Preview
Scopus resenziyalı nəşrlərin, elmi jurnal, kitab və konfrans materiallarının daxil olduğu ən böyük elmmetrik istinad bazalarından biridir. Scopus 5000-dən artıq beynəlxalq nəşriyyatın 22.000-dən çox nəşrləri və bütün elm sahələri üzrə məqalələrin istinadlarını izləyərək onların keyfiyyətini müəyyənləşdirən göstəriciləri (impact factor) əks etdirir.
Scopus illik abunəsi olmayan istifadəçilərə Scopus Preview (məhdud) versiyasını təqdim edir.
Scopus Preview və ya Scopus-un ödənişsiz versiyasından istifadə http://www.scopus.com linki üzərindən mümkündür. Burada Scopus bazasına daxil edilmiş jurnalları, istinadları, müəlliflərə və nəşrlərinə dair məlumatı axtarmaq mümkündür.
Scopus bazasına daxil olan jurnalları müəyyənləşdirmək üçün səhifənin yuxarı sağ küncündəki Sources (Mənbələr) linkinə klikləyin.
Axtarış nəticəsi olaraq jurnalları görmək üçün Subject area (Elm sahəsi) üzərinə klikləyin və sizi maraqlandıran elm sahəsinin adını yazın. Bu zaman əks olunan jurnallar Scopus-a daxil olmuş jurnallardır. Əlavə olaraq jurnal adlarına görə ayrılıqda Title (Sərlövhə), ISSN (Dövri Nəşr Beynəlxalq Standart Nömrəsi) və Publisher (Nəşriyyat) adına əsasən axtarış seçimləri də mövcuddur.
Müvafiq jurnalın üzərinə klikləyib illər üzrə nəşrlərinin Scopusa daxil olduğu müddəti, ISSN nömrəsi, jurnalın nəşriyyatı, əhatə etdiyi elm sahəsi, Cite Score (həmin jurnalda dərc olunmuş məqalələrə olan istinadların orta sayını əks etdirən rəqəm göstəricisi) və s. haqqında ətraflı məlumat almaq olar.
Əsas səhifənin yuxarı hissəsində Author Search vasitəsilə istənilən müəllif və aid olduğu qurumun, elmi müəssisənin adını daxil edərək axtarış edin.
Müəllif və məqalələr Scopusda mövcuddursa, axtarış nəticələrində həmin müəllifin adının üzərinə klikləyin. Müəllif haqqında məlumat, istinad edilmiş məqalələr, həmmüəllifləri və onların ümumi sayı, “tərəfindən istinad olunub” göstərici sayı və müəllifin h-indeksi ekranda əks olunur. Aşağıdakı nümunədə elmi tədqiqatçı Ayaz Məmmədovun müəllif olaraq axtarış nəticəsi qeyd olunmuşdur.
Açılan səhifədə müəllifin Scopus bazasına daxil olmuş nəşrləri və məqalələrinin sayını, səhifəni aşağı sürüşdürməklə isə onların siyahısını görmək olar.
Daha ətraflı təhlil və ya məlumat üçün library@wcu.edu.az e-mailinə müraciət edə bilərsiniz.