Kitabxana xidmətləri
Dövriyyə Xidmətləri
Dövriyyə xidmətləri kitabxananın oxu zallarında təşkil olunur. Kitabxana əməkdaşları tələbə və müəllim heyətinin kitabxanaya qeydiyyatının aparılması, onların informasiya mənbələri ilə bağlı sorğularının cavablandırılması, kitabxana materiallarının axtarışı və istifadəsinin təşkilinə dair xidmətlər, oxu zallarında quraşdırılmış kompüterlər, digər avadanlıqların dövriyyəsi (qulaqlıq və s.) həmçinin internetə çıxış imkanı ilə təmin edir.
Elmi-tədqiqat və Biblioqrafiya Xidmətləri
Kitabxana Universitetin bakalavr, magistr, doktorant və dissertant tələbələrinə, eləcə də müəllim heyətinə biblioqrafiya və tədqiqat dəstəyi xidməti göstərir. Xidmətə kitabxananın iş saatlarında oxu zalında, e-poçt vasitəsilə fərdi və ya qrup şəklində təlim və tədqiqat konsultasiyaları daxildir.
Tədqiqat və biblioqrafiya masası Rəcəbli filialında əsas oxu zalında yerləşir. Bütün tədris ili müddətində e-poçt, Zoom və ya Teams vasitəsilə Universitetin tələbə və müəllim heyətinə informasiya xidmətləri təqdim edilir.
Tələbələrin layihə və ya tapşırıqları, eləcə də sərbəst işlər üzrə müvafiq resurslar və informasiya axtarışı strategiyaları, texnika və metodlar barədə tədqiqat konsultasiyaları və təlimlər öncədən planlaşdırılır. Tədqiqat və araşdırma ilə bağlı konsultasiyalar kitabxananın iş saatları çərçivəsində mümkündür.
Elmi-tədqiqat və Biblioqrafiya Xidmətləri bölməsi aşağıdakı xidmətləri təklif edir:
- Elektron kataloq, elektron kitabxana, kitabxana saytı və onlayn elmi mənbələr üzrə konsultasiya,
- Effektiv tədqiqat strategiyalarının işlənib hazırlanmasına dair təlimatlar,
- Müvafiq elmi resursların təklifi,
- Faktiki məlumat və informasiyanın verilməsi,
- İstinad formatları və biblioqrafiya ilə bağlı təlimlərin təşkili,
- Kitabxananın müəyyən məlumat mənbəyinə çıxışının olub-olmadığını müəyyənləşdirmək.
Xidmətlərə daxil deyil:
- Mənbələrdəki informasiyanın məzmununun şərhi,
- Tələbələr üçün məqalələrin işlənilməsi və ya redaktəsi,
- İstinadların və biblioqrafik siyahının tərtib edilməsi və ya redaktəsi.
Kitabxanalararası Abonement və İnformasiya Mənbələrinin Mübadiləsi Xidməti
Kitabxanalararası abonement və informasiya mənbələrinin mübadiləsi xidməti kitabxananın istifadəçilərə informasiya təminatının əsas hədəflərindən biridir. Kitabxanalararası abonementin məqsədi kitabxanalar və akademik icmalar arasında daha sıx əməkdaşlıq qurmaq və müəlliflik hüquqları çərçivəsində elmi informasiya mübadiləsi vasitəsilə akademik töhfə verməkdir.
Qərbi Kaspi Universitetinin kitabxana fondlarında mövcud olmayan informasiya resursları kitabxanalararası abonement xidməti vasitəsilə sorğu edilə və əldə oluna bilər. QKU magistr, doktorant və dissertantları, eləcə də Universitetin müəllim heyəti bu xidmətdən istifadə edə bilərlər. Bütün sorğular library@wcu.edu.az e-mail ünvanı vasitəsilə qəbul edilir.
Kitabxana təlimləri
Kitabxana müxtəlif təlim və seminarlar təqdim edir:
- informasiya savadlılığı və bacarıqları istiqamətində seminarların təşkili,
- praktiki tədqiqat məşğələlərinin keçirilməsi,
- onlayn mənbələrlə bağlı tədqiqat dəstəyi.
Tələbələrinizə lazımi məlumat və təlimləri təqdim etmək üçün ən uyğun formatı, məkanı və zamanı bizə bildirmək üçün Kitabxana Təlim Sorğusu Formasını doldurub bizə göndərin.
QEYD: Təlimin məzmununu tələb olunan dərsə uyğunlaşdırmaq üçün kitabxana təlimləri yalnız müəllimlər tərəfindən və 1-2 həftə öncədən sorğu edilməlidir.
- Kitabxanaya giriş
Bu, əsasən kitabxana kataloqunda informasiya mənbələrinin axtarışına yönəlmiş təlimdir. Kitabxana xidmətləri, internet saytı ilə tanışlıq, kitabxanadaxili qaydalar və s. bəhs edən təlimin müddəti təxminən 15-20 dəqiqədir.
- Tədqiqat Seminarı
Məlumat bazalarında ətraflı axtarış texnikalarından effektiv istifadə üsulları və online informasiya resurslarının qiymətləndirilməsindən bəhs edən təlimdir. Boolean operatorları, məhdudlaşdırıcılar və verilənlər bazası axtarış üsulları və texnikaları geniş təhlil olunur. Təxminən 30 dəqiqə davam edir.
- Tədqiqat işləri və elmi mövzular üzrə kitabxana təlimləri
Verilmiş tapşırığa və ya mövzuya uyğun olaraq xüsusi informasiya resursları və ya məlumat bazaları tədqiq edilir. Mətndaxili istinad, biblioqrafiya tərtibatı, struktur, standart və formatlar haqqında məlumat verilir. Tədqiqatın mövzusunu library@wcu.edu.az ünvanına 5 iş günü öncə göndərməyiniz xahiş olunur.
- Xüsusiləşdirilmiş seminar - workshop
Müəllim və elmi araşdırma aparan tədqiqatçılar üçün nəzərdə tutulan bu seminarlarda elmimetrik məlumat bazalarına dair təqdimat edilir və istifadəyə dair nümunələr praktik məşğələ - workshop formatında nümayiş edilir, nəticələr təhlil edilir.
Akademik təqvim ili üzrə mütəmadi keçirilən bu seminarların təqvimi kitabxananın rəsmi sosial media hesabları üzərindən izlənə bilər. İştirak zamanı fərdi laptop və planşetlərin gətirilməsi məqsədəuyğundur.