Kitabxana xidmətləri
Qərbi Kaspi Universitetinin kitabxanası tələbə, müəllim və tədqiqatçılara aşağıdakı xidmətləri təqdim edir.
Dövriyyə xidmətləri kitabxananın oxu zallarında təşkil olunur. Kitabxana əməkdaşları tələbə və müəllim heyətinin kitabxanaya qeydiyyatının aparılması, onların informasiya mənbələri ilə bağlı sorğularının cavablandırılması, kitabxana materiallarının axtarışı və istifadəsinin təşkilinə dair xidmətlər göstərir.
Oxu zallarında quraşdırılmış kompüterlər, digər avadanlıqların dövriyyəsi (qulaqlıq və s.) həmçinin internetə çıxış imkanı ilə təmin edilir.
Kitabxana Universitetin bakalavr, magistr, doktorant və dissertant tələbələrinə, eləcə də müəllim heyətinə biblioqrafiya və tədqiqat dəstəyi xidməti göstərir. Xidmətə kitabxananın iş saatlarında oxu zalında, e-poçt vasitəsilə fərdi və ya qrup şəklində təlim və tədqiqat konsultasiyaları daxildir.
Tədqiqat və biblioqrafiya masası Rəcəbli filialında əsas oxu zalında yerləşir. Bütün tədris ili müddətində e-poçt, Zoom və ya Teams vasitəsilə Universitetin tələbə və müəllim heyətinə informasiya xidmətləri təqdim edilir.
Tələbələrin layihə və ya tapşırıqları üzrə müvafiq resurslar, informasiya axtarışı strategiyaları, texnika və metodlar barədə tədqiqat konsultasiyaları öncədən planlaşdırılır.
Bu bölmə aşağıdakı xidmətləri təklif edir:
- Elektron kataloq, elektron kitabxana, kitabxana saytı və onlayn elmi mənbələr üzrə konsultasiya
- Effektiv tədqiqat strategiyalarının işlənib hazırlanmasına dair təlimatlar
- Müvafiq elmi resursların təklifi
- Faktiki məlumat və informasiyanın verilməsi
- İstinad formatları və biblioqrafiya ilə bağlı təlimlərin təşkili
- Kitabxananın müəyyən məlumat mənbəyinə çıxışının olub-olmadığını müəyyənləşdirmək
Xidmətlərə daxil deyil:
- Mənbələrdəki informasiyanın məzmununun şərhi
- Tələbələr üçün məqalələrin işlənilməsi və ya redaktəsi
- İstinadların və biblioqrafik siyahının tərtib edilməsi və ya redaktəsi
Kitabxanalararası abonement və informasiya mənbələrinin mübadiləsi xidməti kitabxananın istifadəçilərə informasiya təminatının əsas hədəflərindən biridir. Kitabxanalararası abonementin məqsədi kitabxanalar və akademik icmalar arasında daha sıx əməkdaşlıq qurmaq və müəlliflik hüquqları çərçivəsində elmi informasiya mübadiləsi vasitəsilə akademik töhfə verməkdir.
Qərbi Kaspi Universitetinin kitabxana fondlarında mövcud olmayan informasiya resursları kitabxanalararası abonement xidməti vasitəsilə sorğu edilə və əldə oluna bilər.
QKU magistr, doktorant və dissertantları, eləcə də Universitetin müəllim heyəti bu xidmətdən istifadə edə bilərlər.
Kitabxana müxtəlif təlim və seminarlar təqdim edir:
- İnformasiya savadlılığı və bacarıqları istiqamətində seminarların təşkili
- Praktiki tədqiqat məşğələlərinin keçirilməsi
- Onlayn mənbələrlə bağlı tədqiqat dəstəyi
Tələbələrinizə lazımi məlumat və təlimləri təqdim etmək üçün ən uyğun formatı, məkanı və zamanı bizə bildirmək üçün Kitabxana Təlim Sorğusu göndərin.
Kitabxanaya giriş təlimi
Kitabxana kataloqunda informasiya mənbələrinin axtarışına yönəlmiş bu təlim kitabxana xidmətləri, internet saytı ilə tanışlıq, kitabxanadaxili qaydalar mövzularını əhatə edir. Müddəti: ~15–20 dəqiqə.
Tədqiqat Seminarı
Məlumat bazalarında ətraflı axtarış texnikalarından effektiv istifadə üsulları, online informasiya resurslarının qiymətləndirilməsi, Boolean operatorları, məhdudlaşdırıcılar geniş təhlil olunur. Müddəti: ~30 dəqiqə.
Tədqiqat işləri üzrə kitabxana təlimləri
Verilmiş tapşırığa uyğun xüsusi informasiya resursları tədqiq edilir. Mətndaxili istinad, biblioqrafiya tərtibatı, standart və formatlar haqqında məlumat verilir.
Xüsusiləşdirilmiş seminar – workshop
Müəllim və elmi araşdırma aparan tədqiqatçılar üçün nəzərdə tutulan bu seminarlarda elmimetrik məlumat bazalarına dair təqdimat edilir və praktik məşğələ – workshop formatında nümayiş edilir.
Akademik təqvim ili üzrə mütəmadi keçirilən bu seminarların təqvimi kitabxananın rəsmi sosial media hesabları üzərindən izlənə bilər. İştirak zamanı fərdi laptop və planşetlərin gətirilməsi məqsədəuyğundur.